Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Son illər Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb, daxili və xarici mənbələrdən ölkə iqtisadiyyatına investisiya yatırılıb və bütün bunlar Azərbaycan məhsullarının artımına və rəqabətliyinə gətirib çıxarıb.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bu gün Azərbaycan Diplomatiya Akademiyasında keçirilən “Afrikada biznes imkanları” mövzusunda təqdimatda bildirib.
Onun sözlərinə görə, bu, həmçinin Azərbaycan məhsullarının ixrac potensialının artmasına gətirib çıxarıb: “Son 10 il ərzində ÜDM 9 dəfə, qeyri-neft sektoru 6,5 dəfə artıb. Azərbaycan xarici ticarət dövriyyəsində payı 60%-dən çoxu birinci onluqda olan ölkələrin payına düşür”.
R.Məmmədov bildirib ki, bu rəqəm Azərbaycanın yeni bazarlara çıxmalı olduğunu göstərir: “Bu gün Avropa İttifaqı ilə geniş ticarət əlaqələri aparırıq. Bir çox Avropa ölkələri ilə ticarət əlaqələri isə bir o qədər də yaxşı deyil. Asiya, Afrika, Latın Amerikası ölkələri ilə əməkdaşlıq üçün çox fəal iş aparılır”.
“Azpromo”nun rəhbəri deyib ki, “Azpromo” tərəfindən bu il ərzində 150 müxtəlif biznes platformalı tədbirlər keçirilib: “Bu tədbirləri müxtəlif ölkələrlə keçirmişik. Belə tədbirlər təşkil etdiyimiz ölkələrin əksəriyyəti yeni ölkələrdir”.
R.Məmmədov qeyd edib ki, təkcə 2012-ci ildə 600 min ABŞ dolları məbləğində müxtəlif yönümlü yeyinti məhsulları ixrac edilib: “Azərbaycan sahibkarları Almaniya bazarına pessimist yanaşırlar. Çünki orada təklif olunan tələb standartlarına bizim məhsullar çətinliklə cavab verir. Buna baxmayaraq, Azərbaycan təkcə ötən il ərzində Almaniyaya 300 min tona yaxın şirə məhsul ixrac edib”.
”Azpromo” rəhbəri Afrikada sahibkarlıq üçün sabit mühit olmadığını vurğulayıb: “Amma digər ölkələr kimi, Afrika ölkələri də inkişaf etməkdədir. Biz də bu ölkələrlə əməkdaşlıqda maraqlıyıq”.