Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın qida sektorunda aparıcı istehsalçılardan olan «Azersun Holding» istehsal etdiyi məhsulların 50%-ni xarici ölkələrə ixrac etmək niyqətindədir. «APA-Economics»in məlumatına görə, bu barədə holdinqin prezidenti Abdulbari Goozal bildirib.
Onun sözlərinə görə, hazırda istehsal olunan məhsulların 20%-i ixrac edilir: «Biz qarşıdakı bir neçə il ərzində bu rəqəmi 50%-ə çatdırmaq niyyətindəyik, yəni istehsal etdiyimiz məhsulun yarısı daxili bazara, digər yarısı isə xaricə yönələcək».
A.Goozal bildirib ki, şirkətin diqqət mərkəzində olan bazarlar Amerika, MDB və Orta Şərq bazarı, o cümlədən İraq bazarıdır: «İraqda işlərimiz yaxşı gedir, indi ora ciddi həcmlərdə şəkər, qənd, mürəbbə və kompot göndəririk».
Biznesin genişlənməsi perspektivləri barədə danışan şirkət rəhbəri holdinqin energetika layihələrindən uzaqlaşdığını da qeyd edib. Onun sözlərinə görə, hazırda neft layihələri ilə ARDNŞ məşğul olduğundan, «Azersun Holding» diqqətini qeyri-neft sektorunun inkişafına yönəldib. Bununla yanaşı A.Goozal «Azersun»un alkoqollu içki və siqaret istehsal etməyəcəyini də bildirib.