«APA-Economics»in məlumatına görə, bunu Dövlət Komitəsi yanında Texniki tənzimləmə və standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib.
Ə.İmanov qeyd edib ki, ənənəyə görə, may ayında Azərbaycanda toylar az keçirildiyinə görə Komitə yoxlamalara iyun ayından başlamağı qərara alıb: «Buna görə də biz artıq sabahdan etibarən şadlıq evlərində yoxlamalara başlayacağıq».
Xidmət rəisi bildirib ki, yoxlamalar zamanı şadlıq evlərində standartın tələblərinə əməl edilməsi araşdırılacaq. Şadlıq evlərinin əksəriyyəti – 90-95%-i bu standartların qəbulundan əvvəl tikildiyinə görə, onların əksəriyyətində standartların tələbləri ilə bağlı uyğunsuzluq var: «Bəzi şadlıq evlərinin mətbəxi, zalı, foyesi və digər hissələri nəzərdə tutulan normalara cavab vermir».
Yeni standartların tətbiqi ilə əlaqədar olaraq bütün şadlıq evlərinə məktub göndərilib: «Məktubda qeyd olunub ki, şadlıq evlərində standartın tələbləri yerinə yetirilməlidir, yetirilmədiyi təqdirdə belə şadlıq evləri ilə bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görüləcək».
Xidmət rəisi bildirib ki, elə şadlıq evləri var ki, orada heç bir yenidənqurma işləri aparmaq mümkün olmadığına görə, onların standartın tələblərinə uyğunlaşdırılması da mümkün deyil və belə obyektlər şadlıq evi kimi fəaliyyətini dayandırıb, başqa sahədə fəaliyyət göstərməli olacaqlar: «Belə obyektlərin sahibləri şadlıq evlərinin profillərini özləri fikirləşərək gələcəkdə dəyişəcəklər».
Ə.İmanov qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, standartların tələblərinin pozulmasına görə vəzifəli və fiziki şəxslər üçün 1500-2000 manat, hüquqi şəxslər üçün isə 4000-5000 manat cərimə nəzərdə tutulub: «Belə hallar təkrarlanarsa və tələbnaməyə əməl olunmazsa, həmin obyektlər yenidən cərimələnir, yenə də əməl olunmadıqda isə məcəllənin 200-cü maddəsinə uyğun olaraq inzibati orqanlar qarşısında məsələ qaldırılacaq».
Xidmət rəisinin sözlərinə görə, hazırda təkcə Bakı şəhərində 180-dən artıq şadlıq evi var və yoxlamalar da paytaxtdan başlayacaq.