Bakı - APA. «JW Mariott Abşeron» hotelində Qafqazın ən böyük xəz qalereyası olan «Karolina Valiant» tərəfindən ilk dəfə olaraq «Xəz Show» keçirilib. APA-nın məlumatına görə, şou çərçivəsində bəyaz, fərqli qış, klassik xəz və jan atelierin eskizləri əsasında hazırlanan milli geyimdə xəz elementləri kolleksiyaları təqdim olunub. Bununla da «Karolina Valiant» 2013-2014 payız-qış mövsümünü yeni xəz kolleksiyası ilə açıq elan edib.
Nümayiş iştirakçılarına Milan, Afina və Kastoriyada beynəlxalq xəz sərgilərindən seçilən və yüksək modanın sonuncu tendensiyalarına cavab verən eksklüziv xəz modelləri təqdim olunub. Nümayiş üçün Moskvadan aparıcı model agentliklərindən xüsusi dəvət olunmuş modellər iştirak ediblər. Milli geyim kolleksiyasını isə «Venara» model agentliyinin qızları təqdim edib. Şouda qonaq qismində xəz və dəri ilə işləyən dünyanın nəhəng moda evlərinin nümayəndələri – «Lacompel Italy» şirkətindən Andrea di Landi, Camertani Rossela, «Braschi Italy» şirkətindən Maurizio Braschi, «Gianfranko Ferre Italy» şirkətindən Picciocchi Luca Enzo, «Tsoukas Bros Greece» şirkətindən Tsoukas Apostolos, «Alessadro Bosso Greece Italy» şirkətindən Anna Panagiotidou, «Langioti Greece» şirkətindən Thomas Langiotis, Rusiyanın tanınmış dizayneri İqor Çapurin, Rusiyanın «Grazia Magazine» jurnalından Svetlana Nikulina, «ELLE magazine» jurnalından Yelena Puqaçova və Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı stilist-vizajist Vlad Lisovets iştirak ediblər.
Şounun televiziya versiyası «World Fashion Channel» və «Fashion TV» tərəfindən lentə alınıb. Kanallar həmin moda nümayişindən müəllif verilişləri yayımlayacaq və dünya tamaşaçılarının «Karolina Valiant» tərəfindən təqdim olunan məşhur dünya brendlərinə məxsus xəzlərlə tanış edəcəklər. Bundan başqa, Rusiyanın moda haqqında ən reytinqli verilişi «Ruskiy Kutyur» verilişi şoudan silsilə verilişlər hazırlayacaq. Gecənin musiqili qonaqları isə Rusiyanın məşhur pop-qrupu «Blestyaşiye» və Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə, aparıcıları isə Murad Dadaşov və Elvira İsmayılova olub. Şounun informasiya dəstəyi «Nargis Magazine»ə məxsusdur.