Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Ağdam rayonunun Xındırıstan kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib. Tədbirdə 90-a yaxın məcburi köçkün sahibkar iştirak edib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbir iştirakçıları üçün SKMF tərəfindən Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir soyuducu anbar kompleksinin, kiçik və ya orta həcmli tərəvəz emalı, kiçik həcmli çörək istehsalı müəssisəsinin və kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Tədbirdə çıxış elən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Nazirliyin Yuxarı Qarabağ regional bölməsinin müdiri Aslan Aslanov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, Yuxarı-Qarabağ iqtisadi rayonunda, o cümlədən məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçirilən layihələr barədə məlumat veriblər.
Öz növbəsində SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1 397 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 145,3 mln. manat güzəştli kredit verilib və bu layihələrin reallaşdırılması 5 300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Ş.Abdullayev Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq indiyədək Fond tərəfindən 971 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla 20,3 mln. manat kredit verilib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən 62 məcburi köçkün sahibkara 685,9 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, ümumiyyətlə, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 689 investisiya layihəsinin maliyyələşdirilməsinə 17,4 mln. manat güzəştli kredit verilib.