Bank Of Baku

Ağsuda 45 sahibkara 374 min manat güzəştli kredit verilib

Ağsuda 45 sahibkara 374 min manat güzəştli kredit verilib
# 18 yanvar 2013 09:57 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda 2013-cü ildə ilk tədbirini yanvarın 18-də Ağsu rayonunun Pirhəsənli kəndində keçirib.

 

APA-nın məlumatına görə, tədbirdə Ağsu və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

 

Tədbirdən əvvəl Ağsu rayonunda əsas hissəsi SKMF-in güzəştli kreditləri hesabına maliyyələşdirilən üzümçülük təsərrüfatında aparılan işlərə baxış keçirilib. Sonra “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində fond tərəfindən Ağsu rayonunda maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan bağçılıq təsərrüfatlarının yaradılması üzrə hazırlanan nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, bu layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

 

Tədbirdə SKMF-in icraçı direktoru Şirzad Abdullayev, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov çıxış edib. Tədbirdə məlumat verilib ki, 2012-ci ildə fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 218 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən il Dağlıq Şirvan iqtisadi rayonu üzrə 160 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 4 mln. manatdan çox güzəştli kredit verilib.

 

Şirzad Abdullayev 2013-cü ildə fondun vəsaitlərinin yönəldiləcəyi prioritet sahələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, qeyd edib ki, artıq sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsinə başlanıb. Belə ki, bu ilin ötən dövrü ərzində 50-yə yaxın sahibkara 8,4 mln. manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 470 yeni iş yerinin yaradılmasına imkan verəcək.

 

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağsu və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 374,5 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR