Bank Of Baku

Almaniya və Azərbaycan biznes idarəetməsi üzrə kadrların ixtisasının artırılması proqramının müddətini uzadır

Almaniya və Azərbaycan biznes idarəetməsi üzrə kadrların ixtisasının artırılması proqramının müddətini uzadır
# 28 fevral 2013 11:36 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə «Azərbaycanla Almaniya arasında iqtisadi kooperasiya əlaqələrinin genişləndirilməsi» mövzusunda konfrans keçirilib.

 

«APA-Economics»in məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Almaniya İqtisadiyyat və Texnologiyalar Nazirliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GIZ) nümayəndələri, eləcə də 2009-2012-ci illərdə Almaniyada ixtisasartırma kursu keçmiş sahibkar və menecerlər iştirak ediblər.


Konfransda çıxış edən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb və bildirib ki, İqtisadi İnkişaf Nazirliyi və Almaniya İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumuna uyğun olaraq, 2009-cu ildən başlayaraq Bakı Biznes Tədris Mərkəzi GIZ təşkilatı ilə birlikdə «Azərbaycanda biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı»nı həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində «İqtisadi kooperasiya» üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.

 

S.Vəliyev proqramın davam etdirilməsinin Azərbaycan gənclərinin menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, iş adamları arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. S.Vəliyev həmçinin bildirib ki, iki ölkə arasında bir çox sahələrdə əlaqələr genişlənir və 2012-ci ildə Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 27% artıb: «Azərbaycan və Almaniya sözügedən proqramın daha 3 il müddətinə uzadılması qərarına gəlib və növbəti 3 il üçün tərəflər arasında yeni sənəd imzalanacaq».


Tədbirdə çıxış edən Almaniya İqtisadiyyat və Texnologiyalar Nazirliyi Avropa siyasəti Departamentinin direktor müavini Andreas Oberşteller qeyd edib ki, ötən 3 il ərzində proqram çərçivəsində 138 azərbaycanlı sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib: «Biz bu işdən razı qaldıq və nəticəyə gəldik ki, proqramı daha 3 il müddətinə uzadaq».

 

Konfrans çərçivəsində tərəflər arasında Biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və A.Oberşteller imzalayıblar. Proqramın ilk mərhələsində Almaniyada ixtisasartırma kursu keçmək üçün 26 sahibkar və gənc menecer seçiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR