Bakı - APA-Economics. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) texniki peşə təhsili sahəsindəki mövcud vəziyyət müzakirə olunub.
ASK-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqatlar İnstitutu, Bakı Biznes Tədris Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, «Azersun Holding», “Həyatını dəyiş” layihəsinin və ASK-nın əməkdaşları iştirak ediblər.
Ölkə iqtisadiyyatının dinamik inkişafı haqqında ətraflı məlumat verən ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev bildirib ki, Azərbaycan 2020-Gələcəyə baxış inkişaf konsepsiyasının əsas istiqamətlərindən biri də ölkədə sənayeləşmənin geniş vüsət almasıdır. Dövlət proqramının həyata keçirilməsi zamanı yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrində çalışacaq ixtisaslı kadrlara tələbatın artacağını deyən baş katib bu işdə konfederasiyanın da üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
Bu günədək Təhsil Nazirliyinin peşə təhsili sahəsində önəmli layihələr həyat keçirdiyini, bu tədbirlərdə də ASK əməkdaşlarının iştirak etdiyini dilə gətirən M.Əfəndiyev artıq bir neçə peşə təhsili məktəblərinin vəziyyətinin ürəkaçan olduğunu, bu məktəbləri bitirən məzunların iş tapmaq problemi olmadığını da sevindirici hal hesab edib.
Görüş zamanı çıxış edən iştirakçılar bildirib ki, son illər ölkəmizə xarici mütəxəssis axını müşahidə olunur və onlar da yüksək məvacibli işlərə cəlb olunur. Mütəxəssislər isə bu tendensiyanın qarşısını almağın yeganə yolunu onların müasir texnologiyalara bələd olan yerli kadrlarla əvəz edilməsində görüblər.
Təhsil Nazirliyinin rəsmisi Zakir Əhmədov qeyd edib ki, bu sahədə daha yüksək nəticələrin əldə olunması üçün özəl sektor da maraqlı olmalıdır. Peşə təhsili sahəsində uğur qazanmış ölkələrin təcrübəsini misal gətirən Z.Əhmədov günün tələbinə uyğun kadr hazırlanması üçün tək nəzəriyyənin yetərli olmadığını deyərək, tələbələrin mütəmadi istehsalat müəssisələrində təcrübə keçməsini zəruri hesab edib və iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib.
Ölkədə biznesin inkişafına özünəməxsus töhfə verən “Azersun Holding” Akademiyasının direktoru Cəlal Eynullayev artıq bir neçə ildir bu sahədə əldə etdikləri uğurlardan söhbət açıb. Bildirib ki, bəzən işi bilməyən mütəxəssislər dəyərli avadanlıqlarla işləyir və istəmədən texniki problemlərin yaranmasına səbəb olur: “Bu zaman şirkətə xeyli miqdarda maddi ziyan dəyir. Halbuki şirkət vaxtında həmin texnika ilə işləməyi bacaran kadr hazırlamağa, ona dəymiş ziyanın dəfələrlə kiçik hissəsini sərf etsəydi, həm vaxt itkisi, həm də müştəri narazılığına səbəb olacaq problemlərlə qarşılaşmazdı. İxtisaslı kadr probleminin minimuma endirməyi qarşısına hədəf qoyan “Azersun Holding”in artıq kadr hazırlığı sahəsində müəyyən qədər təcrübəsi var və bu təcrübədən digər şirkətlərin faydalanması tövsiyə olunur”.
İştirakçıların diqqətinə çatdırılıb ki, ASK-nın yanında fəaliyyət göstərəcək Texniki peşə təhsili məsələləri üzrə komissiyanın həyata keçirəcəyi layihələri ASK ilə əməkdaşlıq edən Alman təşkilat da dəstəkləyir və gələcəkdə onların təcrübəsindən, maliyyə dəstəyindən yararlanmaq imkanı var.
Daha sonra komissiyanın əsasnaməsinin layihəsi iştirakçılara təqdim olunub, komissiyanın növbəti görüşünədək təkliflərin yazılı şəkildə konfederasiyaya təqdim olunması məqsədəuyğun hesab edilib. Eyni zamanda Texniki peşə təhsilinin təşkili və bu sahədə işin yaxşılaşdırılması ilə bağlı təkliflərin verilməsi iştirakçılardan xahiş olunub.
Komissiyanın növbəti yığıncağının oktyabrın 30-da keçirilməsi nəzərdə tutulur.