Bakı. Əli Əhmədov - APA-Economics. Ukraynanın paytaxtı Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Biznes Şurasının İdarə Heyətinin növbəti - 46-cı sessiyası keçirilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İdarə Heyətinin üzvü, ASK prezidenti Məmməd Musayev, eləcə də QDİƏT-in Biznes Şurasının üzvü olan on iki ölkədən doqquzunun təmsilçiləri, şuranın Baş katibi M.Zülfüqarov və digərləri də iştirak edib.
Tədbirdə çıxış edən M.Musayev Azərbaycanda aparılan sosial-iqtisadi islahatların yüksək nəticələri, regionun bir çox dövlətləri ilə ikitərəfli və çoxtərəfli siyasi-iqtisadi əlaqələrin genişlənməsinin ölkə iqtisadiyyatına müsbət təsiri, bu baxımdan QDİƏT-in fəaliyyətinin genişləndirilməsi və intensivləşdirilməsinin zərurəti və perspektivləri, ASK-nın son dörd ildə ölkəmizdə sahibkarlığın, sosial dialoqun inkişafı üçün həyata keçirdiyi tədbirlər və s. barədə məlumat verib.
Bundan əlavə, tədbirdə QDİƏT Biznes Şurasının katibliyinin hesabatı dinlənilib, 2013-2014-cü illər üçün büdcə layihəsi, 2013-2015-cü illər üçün strateji fəaliyyət planı, BS-nin İstanbul şəhərində yerləşən mənzil-qərargahının statusunu müəyyən edən sazişin layihəsi müzakirə edilib. Qeyd olunub ki, cari ilin iyun ayında Bakı şəhərində QDİƏT çərçivəsində keçiriləcək növbəti mötəbər tədbirin - Beynəlxalq Ticarət və İnvestisiya Forumunun əsas məqsədi Qara dəniz iqtisadi regionunun özəl sektor və maliyyə qurumları arasında dialoqa nail olmaq üçün beynəlxalq biznes platformasının təmin olunması, biznes mühitinin yaxşılaşdırılması, iqtisadi inkişafın stimullaşdırılmasından ibarətdir.
Səfər çərçivəsində ASK rəhbəri Məmməd Musayevin Ukrayna Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Anatoli Kinax, qeyd olunan ölkədə fəaliyyət göstərən Ukrayna Azərbaycan İş Adamları Birliyinin sədri və ASK-nın Ukraynadakı təmsilçisi Ə.Əliyev, təşkilatın üzvləri ilə görüşləri olub. Həmin tədbirdə hər iki ölkənin biznes dairələrinin investisiya layihələrinə daha fəal cəlb olunması geniş müzakirə olunub, azərbaycanlı iş adamlarının Ukraynada təşkilatlanmasının, ölkənin biznes həyatında daha fəal iştirakının təmin olunmasının zəruriliyi bildirilib.
Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən görüşdə isə Ukraynadakı azərbaycanlı iş adamlarının bu sahədə fəaliyyətləri, problemləri müzakirə olunmuş, onların təcrübə bilik və məlumatlarının daha da genişləndirilməsi məsələləri müzakirə edilib.