Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 1-2-də Lüksemburqda «Beynəlxalq Lüksemburq Bazarı» sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın qida məhsulları istehsalçıları sözügedən tədbirdə iştirak etmək üçün dəvət olunur. Hər il keçirilən sərgini təxminən 25 min nəfər ziyarət edir və ən çox ərzaq məhsullarına tələbat var. Satışdan əldə olunan gəlir Lüksemburq Böyük Hersoqunun himayəsində olan «Beynəlxalq Bazar»ın büdcəsinə verilir və həmin maliyyə vəsaiti dünya üzrə müxtəlif humanitar yardım layihələrinə xərclənir.
Sərgi ilə bağlı bütün xərclər (məhsulların qablaşdırılması, daşınması, stendin qurulması və s.) təşkilatçılar tərəfindən ödənilir.
Azərbaycan məhsullarının qəbulu üçün Azpromo-ya müraciət etmək lazımdır.