Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Argentinanın fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb.
İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş.Mustafayev son illər ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, iki ölkələr arasında zəruri müqavilə-hüquq baza yaradılıb, bu sahədə indiyədək 18 sənəd imzalanıb.
Görüşdə Azərbaycanla Argentina arasındakı əməkdaşlığın genişləndirilməsi perspektivləri, Azərbaycan və Argentina arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişə uyğun olaraq, birgə işçi qrupunun yaradılması barədə fikir mübadiləsi aparılıb. İşçi qrupun ilk iclasının bu ilin dekabrında keçirilməsi, iki ölkənin iş adamları arasında biznes forumun təşkili barədə ilkin razılıq əldə edilib.
Azərbaycan və Argentina arasında müxtəlif istiqamətlərdə, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Ş.Mustafayev istehsal və emal sahələrində birgə müəssisələrin yaradılmasını təklif edib.
Görüşdə İKT, turizm, dərman istehsalı, tikinti, alternativ enerjisi istehsalı və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə həmçinin vurğulanıb ki, iqtisadi əlaqələrin daha da genişləndirilməsi nəticəsində Argentina Azərbaycan vasitəsilə region ölkələrinə, Azərbaycan isə Argentina vasitəsilə Latın Amerikası ölkələrinə çıxış imkanlarını genişləndirə bilər.
Səfir Karlos Dante Riva Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.