Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Çinin Quanjao şəhərində keçiriləcək 114-cü ixrac-idxal məhsullarının sərgisinə dair təqdimat keçirilib.
«APA-Economics»in Azpromo-ya istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan mənşəli məhsulların tanıdılması, sahibkarların xarici əlaqələrinin genişləndirilməsində iş adamlarının beynəlxalq sərgilərdə iştirakının əhəmiyyətini vurğulayıb, Azpromo tərəfindən bu istiqamətdə görülən işlər barədə danışıb, milli şirkətlərin beynəlxalq sərgilərdə iştirakına bundan sonra da dəstək veriləcəyini bildirib.
Öz növbəsində Çinin Azərbaycandakı səfiri Honq Jiuyin Azərbaycanla Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, əməkdaşlığın daha da genişləndirilməsi üçün iş adamlarını potensial imkanlardan faydalanmağa dəvət edib. Biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsində Çinin böyük təcrübəyə malik olduğunu bildirən səfir azərbaycanlı iş adamlarının Quanjaoda keçiriləcək 114-cü ixrac-idxal məhsullarının sərgisində iştirakının hər iki ölkə sahibkarları üçün əhəmiyyətli olacağını vurğulayıb.
Tədbirdə çıxış edən Çinin Xarici Ticarət Mərkəzinin prezidenti Vanq Runşenq tədbir iştirakçılarına bu ilin oktyabrında Quanjao şəhərində keçiriləcək sərgi haqqında ətraflı məlumat verib, sərgidə iştirak etmək istəyən şirkətlər üçün tələb olunan şərtlər, qeydiyyat qaydaları və iştirakçılar üçün zəruri proseduraları diqqətə çatdırıb.