Bakı. Əli Əhmədov - APA-Economics. Serbiya prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri çərçivəsində bu gün Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə Serbiya prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Predraq Mikiç Azərbaycan investorlarını kömür hasilatı və elektrik enerji istehsalı və turizm kompleksinə investisiya yatırmağa çağırıb.
«APA-Economics»in məlumatına görə, müşavir bildirib ki, kömür şaxtasından hazırda ildə 70 min tondan artıq kömür hasil edilir. Bunun 33 min tonu elektrik enerji istehsalı üçün sərf edilir, qalan hissəsi isə bazarda satıla bilər: “Elektrik enerjisi stansiyasında istehsal olunan enerji Serbiyanın özü ilə yanaşı, qonşu Çernoqoriya, Albaniya və Kosovoya sərfəli qiymətə satıla bilər. Hər iki layihənin ümumi investisiya tutumu 400-500 mln. avro arasındadır və bu investisiyanın qaytarılma müddəti 5,5 il təşkil edir. İkinci layihə isə turizm kompleksinə investisiya yatırılmasını nəzərdə tutulur. Bu layihə çərçivəsində 6 mehmanxana, 10 idman meydançası və 1 akvapark yaradılacaq”.
Müşavir qeyd edib ki, layihəni 8-10 investor arasında da bölmək mümkündür. Bu layihəyə yatırılan investisiyaların qaytarılma müddəti 4-5 il təşkil edir. Tədbirdə Azərbaycan iş adamları və potensial investorlar Serbiyada investorlar üçün yaradılan şərait, bu ölkədə xaricilərin torpaq və digər daşınmaz əmlak alması imkanları və bununla bağlı məhdudiyyətlər, işgüzar fəaliyyət, o cümlədən ölkəyə gətirilən avadanlıqların vergiyə cəlb olunması zamanı vergi güzəştləri və s. barədə Serbiya rəhbərliyinə suallar veriblər.
Serbiya prezidenti Tomislav Nikoliç və onun iqtisadi məsələlər üzrə müşaviri Predraq Mikiç ölkələrində iş adamlarının fəaliyyəti ilə bağlı bütün lazımi şəraitin yaradıldığını, investorlar üçün ciddi güzəştlər edildiyini və heç bir bürokratik əngəllərin olmadığını bildiriblər.