Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Azərbaycan və Qazaxıstan arasında “Aktau İstehsal və Logistika Mərkəzi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb.
“APA-Economics” xəbər verir ki, sənəd Azərbaycan tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Azersun Holding” və Qazaxıstanın “Morport Aktau” xüsusi iqtisadi zonası səhmdar cəmiyyəti (SC) arasında imzalanıb.
Razılaşmaya görə, Qazaxıstanın “Morport Aktau” xüsusi iqtisadi zonasında Logistik Mərkəz tikiləcək. Bu tikinti işlərini “Azersun Holding” həyata keçirəcək, AZPROMO isə bu layihəyə hərtərəfli dəstək göstərəcək.
Qeyd edək ki, bu logistik mərkəz regionun tranzit və ixrac imkanlarının genişlənməsi yolu ilə Azərbaycan və Qazaxıstanın qeyri-neft sektorunun inkişafına yardım etmiş olacaq. İlkin qiymətləndirmələrə görə, logistik mərkəzin tikintisinə 10 milyon dollar sərmayə yatırılacaq. Onun sahəsi isə 4 hektar olacaq
“Bu layihənin icrası ilə siz gəlir əldə edəcəksiniz, bizim üçünsə işçi qüvvəsinin cəlb edilməsinə imkan verəcək. Gələcəkdə də bu cür layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Tikinti işlərinin tezliklə başlanacağı gözlənilir, hazırda bununla danışıqlar aparılır. “Azersun Holding” bizim işlədiyimiz ilk Azərbaycan şirkətidir”, - deyə Qazaxıstanın “Morport Aktau” SC-nin rəhbəri Asker Aytuarov bildirib.