Bank Of Baku

Azərbaycan sahibkarlarına bu il 200 mln. manatdan artıq güzəştli kreditlər verilib

Azərbaycan sahibkarlarına bu il 200 mln. manatdan artıq güzəştli kreditlər verilib
# 07 dekabr 2012 12:41 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Qobustan rayonunda «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Qobustan rayonunun iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan cins heyvandarlıq, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanıb.

 

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, nazirliyin Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Dağlıq Şirvan iqtisadi rayonunda dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçiriləcək layihələr barədə məlumat veriblər.

 

Öz növbəsində SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən görülmüş işlər, güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, bu ilin ötən dövründə SKMF-in vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2 327 investisiya layihəsinin maliyyələşdirilməsinə 209 mln. manatdan çox güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8 800-dək yeni iş yerinin yaradılmasına imkan verir. Ş.Abdullayev həmçinin qeyd edib ki, Dağlıq Şirvan iqtisadi rayonunda indiyədək 783 sahibkara 24,2 mln. manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 11 layihənin maliyyələşdirilməsinə 11,1 mln. manat güzəştli kredit verilib. Bu müəssisələrdən 5-i artıq istifadəyə verilib, qalan 6 müəssisə üzrə tikinti-quraşdırma işləri aparılır.

 

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qobustan və ətraf rayonlarda fəaliyyət göstərən 50 sahibkarlıq subyektinə 443 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR