Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 18-27-də Berlində (Almaniya) qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi «Beynəlxalq Yaşıl Həftə - 2013» («International Green Week – 2013») sərgisi keçiriləcək.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu il Azərbaycanın 6-cı dəfə iştirak edəcəyi sərgidə ölkə 30-a yaxın şirkətlə təmsil olunacaq.
İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkədə istehsal olunan 250-yə yaxın çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdiriləcək. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşuralar və disklər paylanacaq.
«Beynəlxalq Yaşıl Həftə - 2013» sərgisi çərçivəsində müxtəlif təqdimatların keçirilməsi də nəzərdə tutulur. Tədbir çərçivəsində Almaniya və Azərbaycan iş adamlarının iştirakı ilə ölkənin biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək.
Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan «Beynəlxalq Yaşıl Həftə» 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70 ölkəsindən 1 500-dən çox müəssisənin və 5 minədək media nümayəndəsinin iştirak etdiyi sərgi 500 mindən artıq insan tərəfindən ziyarət olunur.