Bakı – APA. Azərbaycan və Rusiya dövlət sərhədində yerləşən «Yaraq-Qazmalar» sərhəd keçid məntəqəsində iki ölkənin sərhəd və gömrük xidmətlərinin nümayəndələrinin işçi görüşü keçirilib.
Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkənin sərhəd və gömrük xidmətlərinin bu il ərzində fəaliyyəti müzakirə olunub. Həmçinin, Rusiyanın «Yaraq-Qazmalar», «Novo-Filya» və Azərbaycanın «Samur», «Şirvanovka» sərhəd gömrük buraxılış məntəqələrində sərnişinlərin və nəqliyyat vasitələrinin hərəkətində yaranan yubanmaların aradan qaldırılması üçün tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə qeyd olunub ki, yaranan növbələrin səbəblərindən biri sərhədi keçən yük nəqliyyat vasitələrinin sənədlərində müəyyən çatışmazlıqların olmasıdır. Məsələnin həlli üçün həmin nəqliyyat vasitələrinin geri qaytarılmasında operativliyin təmin edilməsi zəruridir.
Görüşdə gömrük rəsmiləşdirməsinin sürətləndirilməsi məqsədi ilə internet şəbəkəsindən istifadə etməklə daşıyıcılar tərəfindən yük barədə qabaqcadan məlumat verilməsi üçün sərhəd keçid məntəqələrinin terminallarında müvafiq şəraitin yaradılması da müzakirə edilib. Qeyd olunub ki, Azərbaycanın Rusiya ilə sərhədindəki «Zuxul» və «Xan-Oba» buraxılış məntəqələrinin 2013-cü ildə müasir standartlara uyğun şəkildə əsaslı tikintisi aparılacaq.
Sonda tərəflər arasında işçi görüşünün protokolu imzalanıb.