Bakı. Nicat Mustafayev – APA-Economics. Xorvatiya Azərbaycan sahibkarlarını idman-sağlamlıq kompleksinin tikintisi layihəsində iştirak etməyə dəvət edib.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, Azərbaycan sahibkarları Xorvatiyanın əsas sənaye şəhərlərindən biri olan Sisak şəhərində (Mərkəzi Xorvatiya) həyata keçirilən «Iodine Water Spa Siscia» layihəsində iştirak etmək üçün dəvət olunub.
«Iodine Water Spa Siscia» – yodlu termal sulardan tibbi, farmakoloji, elmi və idman məqsədləri üçün istifadəsini nəzərdə tutan 48,1 mln. avro dəyərində layihədir. Layihə spa, sağlamlıq mərkəzi, mehmanxana, elmi və texnoloji park, beynəlxalq paraolimpiya idman mərkəzi və s. yaradılmasını nəzərdə tutur. Azərbaycanda yod çatışmamazlığından irəli gələn qalxanvari vəzi xəstəliklərinin geniş olmasını nəzərə alaraq, layihə Azərbaycan üçün xüsusi maraq kəsb edə bilər.
Layihədə iştirak etmək istəyən iş adamları Azərbaycanın Xorvatiyadakı səfirliyinə müraciət edə bilər. Əlaqə telefonu: 00 385 1 643 89 00.