Bank Of Baku

Azərbaycanda bu il üçün nəzərdə tutulmuş güzəştli kreditlərin 21%-i artıq sahibkarlara verilib

Azərbaycanda bu il üçün nəzərdə tutulmuş güzəştli kreditlərin 21%-i artıq sahibkarlara verilib
# 22 fevral 2013 12:03 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

 

«APA-Economics»in məlumatına görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində SKMF tərəfindən Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodu, qus kəsimi müəssisəsi və zeytunçuluq təsərrüfatının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

 

İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, Suraxanı rayonunda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.

 

Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində 342 sahibkara 51,8 mln. manat güzəştli kredit verilib və bu kreditlərin reallaşdırılması 1 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir: «Ümumilikdə, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasından ötən dövr ərzində Bakı və onun qəsəbələrində 419 investisiya layihəsinin maliyyələşdirilməsinə 102 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3 500-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur».

 

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 872 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən şüşə qablar, uşaq bezləri və müxtəlif növ salfetlər, un məmulatları, çörək, tikinti materialları istehsalı, heyvandarlıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

 

Qeyd edək ki, bu il ərzində SKMF tərəfindən ümumilikdə 250 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR