Bank Of Baku

Azərbaycanda çörək istehsalı sahəsinə dövlət nəzarəti gücləndirilib

Azərbaycanda çörək istehsalı sahəsinə dövlət nəzarəti gücləndirilib
# 24 yanvar 2013 08:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda istehlakçıların keyfiyyətli və təhlükəsiz çörək məmulatları ilə təmin edilməsi, çörək istehsal edən müəssisələrdə aparılmış monitorinqlər zamanı aşkar edilmiş ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün nəzarətin gücləndirilməsi ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini daha da gücləndirib.

 

Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı verilmiş əmrə əsasən, xidmətin müvafiq struktur bölmələri əhatə etdikləri rayonlar üzrə çörək istehsalı və idxalı ilə məşğul olan təsərrüfat subyektlərinin siyahısını hazırlayıb, həmin müəssisələrdə istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədilə müntəzəm olaraq monitorinqlərin aparılması işini təmin etməli, mövcud problemlərin öyrənilməsi və onların aradan qaldırılması məqsədi ilə çörək məmulatları istehsalçıları ilə açıq görüşlərin təşkil edilməsi, istehlakçıların maarifləndirilməsi, kütləvi informasiya vasitələrində bu sahədə həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumatların verilməsi işini gücləndirməlidirlər.

 

Məlumat üçün bildirək ki, «Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Azərbaycan prezidentinin 2012-ci il aprelin 4-də olan fərmanı ilə yaradılmış Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ötən il ərzində həyata keçirilmiş dövlət nəzarəti tədbirlərinin nəticəsi olaraq 261 sahibkarlıq subyektində normativ sənədlərin tələblərinin pozulduğu və çatışmazlıqlar aşkar edildiyinə görə, nöqsanlar aradan qaldırılanadək məhsulların istehsalı və satışı qadağan edilib. Bunlardan 66-sı çörək məmulatlarının istehsalı müəssisələri olub.

 

Həmçinin, 2012-ci ilin dekabr ayında təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə Azərbaycan Standartları İnstitutu nəzdində «Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə» Texniki Komitə (TK 15) yaradılıb. Əmrə əsasən, TK-nın əsasnaməsi, strukturu və tərkibi təsdiq edilib. Texniki Komitədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur.

 

Texniki Komitə tərəfindən hazırda «Buğda unundan hazırlanan çörək-bulka məmulatları. Ümumu texniki şərtlər» standartı layihəsi üzərində iş aparılır. Layihə tam hazır olduqdan sonra təsdiq üçün Komitəyə təqdim ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR