Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə qənd istehsalı zamanı standartın tələblərinin pozulması faktı aşkar edib.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, VII mkr-da yerləşən fiziki şəxs Əbülfəz Nəzərova məxsus müəssisədə «Fəta 121» nişanlı rafinə edilmiş qənd istehsalına dövlət nəzarəti aparılıb.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə uyğunluq sertifikatı olmadan sanitariya norma və qaydalara məhəl qoyulmadan iki adda məhsul - karamel tipli şərq şirniyyatı (noğul) və nanəli karamel istehsal edilir. Eyni zamanda istehsal olunan «Avko» nişanlı karamel tipli şərq şirniyyatı - noğul məhsullarının üzərində istehsalçı kimi başqa bir müəssisənin (Xaçmaz şəhəri, fiziki şəxs Əliyev E.Ş.) qeyd edildiyi müəyyən olunub.
Nəzarət tədbirləri nəticəsində məhsulların müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimatının və resepturaların, habelə müəssisənin laboratoriyasının və ya akkreditasiya olunmuş laboratoriya ilə müqavilənin olmadığı aşkarlanıb.
Müəyyən olunmuş bu və digər nöqsanlarla bağlı olaraq, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati protokol tərtib edilib, sertifikatsız məhsulların istehsalı və satışı qadağan edilib.