Bank Of Baku

Azərbaycanda deputatlar sahibkarların maraqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsini ciddi tənqid ediblər

Azərbaycanda deputatlar sahibkarların maraqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsini ciddi tənqid ediblər
# 14 mart 2013 12:00 (UTC +04:00)

Qeyd edək ki, adı çəkilən sənəd Azərbaycanda sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qorumaq, yoxlayıcı orqanlar tərəfindən həyata keçirilən planlı və plandankənar yoxlamaların sahibkarların normal fəaliyyətinə maneə törətməməsi məqsədilə hazırlanıb və sahibkarlıq subyektlərində yoxlamaların müxtəlif aspektlərini tənzimləyir.

 

«APA-Economics»in məlumatına görə, müzakirələr zamanı millət vəkillərinin əksəriyyəti qanun layihəsinin müasir tələblərə cavab vermədiyini, sahibkarların hüquqlarının qorunmasından çox, yoxlayıcı qurumlara şərait yaratdığını, sənəddə boşluqların olduğunu və heç də bütün halların nəzərə alınmadığını bildiriblər. Millət vəkilləri yoxlayıcı orqanların sayının həddən artıq olduğunu və bunun sahibkarların işinə ciddi əngəllər törətdiyini qeyd edərək bildiriblər ki, yeni qanun bu məsələləri kifayət qədər aydın tənzimləmir. Nəticədə, yoxlayıcı qurumlar bu sənəddən sui-istifadə edib, əksinə, yoxlamaları artıra bilər.

 

Deputatlar yoxlamaya məruz qalmalı olan sahibkarlıq subyektlərinin əhatə dairəsinin də dəqiqləşdirilməsini vacib sayırlar. Bəzi millət vəkilləri ölkədə sahibkarlıq subyektlərində yoxlamalara nəzarət edilməsi üçün vahid əlaqələndirici qurumun yaradılması və ya bu səlahiyyətlərin hansısa quruma həvalə edilməsini təklif ediblər.

 

Millət vəkili Qüdrət Həsənquliyev yoxlamalar üzərində ictimai nəzarətin təşkil olunmasını təklif edib. Müzakirələrdə qanun layihəsini təqdim edən İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi bu təkliflə razılaşıb və belə mexanizmlərin hazırlanaraq qanun layihəsinə daxil edilməsini mümkün sayıb.

 

Bundan əlavə, millət vəkilləri bildiriblər ki, hazırda parlamentdə müzakirə olunan Rəqabət Məcəlləsi qəbul edildiyi təqdirdə, bu sənədə yenidən dəyişiklik etmək lazım gələcək.

 

Müzakirələrdə hətta qanunun adı və yoxlama anlayışı da tənqidlə qarşılanıb. Bəzi millət vəkilləri qanunun ilk növbədə sahibkarların maraqlarına xidmət etdiyini göstərmək üçün sənədin adındakı ifadələrin yerini dəyişdirməyi (yəni, qanunun «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» deyil, «Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında» adlanması) təklif edib və komitə rəhbərləri bu təkliflə razılaşmalı olublar.

 

Bundan başqa, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov qanunun onun məqsədlərini daha yaxşı əks etdirməsi və yoxlamaların ilk növbədə sahibkarlara kömək funksiyasını daşıdığını nümayiş etdirmək üçün burada nəzərdə tutulan «yoxlama» anlayışının dəyişdirilməsini və ya izah olunmasını təklif edib.

 

Bununla əlaqədar olaraq bəzi millət vəkilləri, o cümlədən Vahid Əhmədov və Fəzail Ağamalı sənədin bu vəziyyətdə parlamentin plenar iclasında müzakirəyə çıxarılmasının əleyhinə çıxıblar. Qanun layihəsinin tamamilə dəyişdirilməsini vacib sayan V.Əhmədov bildirib ki, parlamentin birinci oxunuşuna çıxarılandan sonra, sənədə dəyişiklik etmək mümkün olmayacaq. Nəticədə, komitə sədrləri Ziyad Səmədzadə və Əli Hüseynov millət vəkillərini əmin ediblər ki, qanun layihəsinə bütün zəruri dəyişikliklər ediləcək.

 

Müzakirələrin nəticəsi olaraq qanun layihəsinin birinci oxunuş üçün parlamentin plenar iclasına təqdim olunması qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR