Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən tam xarici investisiyalı şirkətin istehlakçıları çaşdırdığı müəyyən edilib.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev ev, 119 ünvanında yerləşən tam xarici investisiyalı «Barakalı» MMC-yə məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib.
Mağazanın giriş hissəsində satışda olan mallara endirim tətbiq olunması barədə «Endirim» və «Türkiyə qiymətləri ilə satış» məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi müəyyən olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar edilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və müəssisə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.