Bank Of Baku

Azərbaycanda gənclərin biznes təhsilinə dəstək məqsədi ilə yeni layihəyə start verilir

Azərbaycanda gənclərin biznes təhsilinə dəstək məqsədi ilə yeni layihəyə start verilir
# 06 dekabr 2012 15:12 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), BP şirkəti özünün Azərbaycandakı layihərdəki tərəfdaşları adından və Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) ölkənin gələcək biznes liderlərinin peşəkar inkişafı məqsədilə «Gənclərin Biznes Liderlik Layihəsi»nin başlanmasını elan ediblər. Layihənin başlanması münasibəti ilə keçirilən mərasimdə yeni təşəbbüsün başlanmasına dair Anlaşma Memorandumu imzalanıb.

 

İki il davam edəcək «Gənclərin Biznes Liderlik Layihəsi»nin əsas məqsədi tələbələr üçün müxtəlif özəl şirkətlərdə iş təcrübəsi əldə etmək imkanı yaradaraq, onların biznes və idarəetmə bacarıqlarını inkişaf etdirib, gələcəkdə biznesdə lider olmağa ruhlandırmaqdır. Layihə çərçivəsində tələbələr biznesdə uğur qazanmış iş adamlarının təcrübələrindən yararlanaraq öz karyeralarının planlaşdırılması üzrə bilik və bacarıq əldə edəcəklər. Layihə daxilində Bakı və Gəncə ali məktəblərinin 3-cü və 4-cü kurslarında təhsil alan 120 tələbə iş təcrübəsi əldə etmək imkanı qazanacaq. Layihənin iştirakçıları üçün iş yerləri seçilməsinə AmCham dəstək olacaq. Daha dəqiqi bu tələbələr Palatanın üzvü olan şirkətlərdə çalışacaqlar. Layihə yerli qeyri-hökumət təşkilatı olan «Junior Achievement Azerbaijan» tərəfindən həyata keçiriləcək.

 

Mərasimdə çıxış edən «USAID/Azerbaijan»ın direktoru Maykl Qrin bildirib ki, bu layihə vasitəsilə tələbələr ali məktəbdə öyrəndikləri bilikləri həqiqi iş mühitində tətbiq edəcək, zəruri bilik və bacarıqlar öyrənəcəklər.

 

Layihənin vacibliyini qeyd edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar vaxtilə özünün də təqribən 50 il əvvəl «Junior Achievement» layihəsinə qatıldığını və ilk biznes vərdişləri aldığını xatırladıb. O, layihənin ən vacib cəhətlərindən biri kimi burada qadınların iştirakını qeyd edib, belə ki, iş təcrübəsi keçənlərin 60%-i qadınlar olacaq.

 

BP şirkətinin xarici əlaqələr üzrə meneceri xanım Tamam Bayatlı isə bildirib ki, Azərbaycandakı fəaliyyətləri dövründə BP və onun tərəfdaşları sosial layihələrə hər il milyonlarla dollar vəsait xərcləyir: «Biz Azərbaycanın gələcək biznes liderlərinin peşəkar təliminə  dəstək vermək imkandan çox məmnunuq. Bu təşəbbüs Azərbaycanda təhsilin inkişafına göstərdiyimiz davamlı dəstəyin bir hissəsidir».

 

AmCham-ın Azərbaycan nümayəndəliyinin direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu isə qeyd edib ki, üzvlərinin sayı 250-ə çatan Palatanın əhatə etdiyi şirkətlərdə 40 min nəfərə yaxın işçi çalışır və təlimlərdə iştirak edən tələbələr Palatanın üzvlərində təcrübə keçəcəklər.

 

Layihənin detallarını açıqlayan «Junior Achievement Azerbaijan» təşkilatının rəhbəri Rəşad Xanlarov təlimlərin bir neçə həftədən sonra başlanacağını bildirib.

 

Qeyd edək ki, layihənin ümumi büdcəsi 200 min dollardır, onun 100 min dollarını BP və onun AÇG, BTC, «Şahdəniz» və CQBK layihələrdəki tərəfdaşları, qalan 100 min dolları isə USAID ödəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR