Bank Of Baku

Azərbaycanda ilk dəfə keçirilən «Baku Startup Competition» müsabiqəsinin qalibi müəyyənləşib - FOTO

Azərbaycanda ilk dəfə keçirilən «Baku Startup Competition» müsabiqəsinin qalibi müəyyənləşib - <span style="color: red;">FOTO
# 09 yanvar 2013 09:58 (UTC +04:00)

 «APA-Economics»in xəbər verdiyi kimi, startap müsabiqəsini reallaşdıran «Infipro Inc.» şirkəti Azərbaycanda innovasiya layihələrinə uzunmüddətli və yüksək riskli investisiyalar və vençur maliyyələşdirməsi ilə məşğul olan yeganə biznes quruluşudur.

 

Şirkət tərəfindən həyata keçirilən sözügedən müsabiqə öz əsas məqsədinə artıq nail olub. Belə ki, hələ də yaranma dövrünü yaşayan Azərbaycan internet biznesinin inkişafına təkan verilib, yenilikçi sahibkarlar isə ideyalarının ticari cəhətdən reallaşmasına kömək üçün aidiyyəti üzrə müraciət etmə imkanı əldə ediblər.

 

Müasir biznesin bir hissəsinə çevrilən startap şirkətlərinin Azərbaycanda meydana gəlməsi sadəcə olaraq zaman məsələsi olub. Bu səbəbdən müxtəlif ideyaların reallaşması və ya yeni başlanmış biznesin inkişafı üçün imkan və şəraitlərin olmadığına dair gileylərin aktuallıq itirdiyini söyləmək mümkündür. Müsabiqənin şərtlərinə gəldikdə, iştirakçılardan fəaliyyətin əsas istiqamətlərini qeyd etməklə ideyalarının inandırıcı və sadə şəkildə təqdimatı, xidmət və ya məhsulun müfəssəl təsviri, nəzərdə tutulmuş xərclərin strukturunun göstərilməsi və ən əsası – innovasiya layihəsinin malik olduğu ticarət potensialının sübut edilməsi tələb olunurdu. Nəzərə alınmalıdır ki, gələcək birgə startap şirkətinin fəaliyyətindən əldə ediləcək mənfəət və artım perspektivləri bir biznes quruluşu olan «Infipro Inc.» şirkəti üçün əhəmiyyət təşkil edir.

 

«Baku Startup Competition 2012» müsabiqəsinin son hissəsini «Infipro Inc.» şirkətinin icraçı direktoru Eldar Abbasov açaraq innovasiya layihələrinə münasibətin son zamanlar dəyişdiyini, İKT sahəsinin isə Azərbaycanın biznes həyatında prioritet istiqamətlərdən birinə çevrildiyini qeyd edib. Münsiflər heyətinin üzvləri olan «SİNAM» şirkətinin prezidenti Elçin Əliyev və «Caspian Capital» biznes inkubatorunun rəhbəri Rasim Əliyev, həmçinin müsabiqənin rəsmi tərəfdaşı olan «Microsoft» şirkətinin regional nümayəndəliyinin təmsilçisi Rüfət Hacıəlibəyov də çıxış edənlər arasında olublar. Qeyd edək ki, «Microsoft» şirkəti bütün dünyada keçirilən analoji startap müsabiqələrini ənənəvi olaraq dəstəkləyir və məhsulların tərtibatı, istehsalı, sınağı üçün lisenziyalı proqram təminatı və xidmətlərin İnternetdə yerləşdirilməsi vasitəsilə əməli yardım edir.

 

Giriş hissəsindən sonra finalçılar öz layihələrini təqdim ediblər.

 

İnternet ticarəti kateqoriyasında «Brandbook» layihəsi müəllifləri Fəqan Mehdi və Elnur İbrahimzadə tərəfindən təqdim olunub. Onların ideyası Türkiyənin «Markafoni» və ya Rusiyanın «KupiVİP.ru» tipli «Private Shopping Club» sahəsində internet portalının yaradılmasından ibarət olub.

 

«RA Electronics» layihəsini Teymur Kuseba təqdim edib. Bu finalçının iddialı ixtirası «green technology» vasitələri əsasında portativ multi-doldurucu qurğunun yaradılması ilə bağlıdır. Müəllif qurğunun işləyən konseptini nümayiş edib və münsiflər heyətinə cihazı yoxlamağı təklif edib.

 

Öz növbəsində, «NEWO» layihəsi («proqram təminatı» kateqoriyası) müxtəlif virtual elementlərin əlavəsi ilə tamamlanan reallığa əsaslanmış «Augmented Reality» (artırılmış reallıq) texnologiyasını tədqiq edir. Rəhman Məmmədovun başçılığı altındakı layihənin yaradıcıları ideyalarını təqdim ediblər. Son illər ərzində aktiv şəkildə inkişaf edən sözügedən texnologiyanın istifadəsi əsasən reklam biznesinə və həmçinin turizm obyektlərinin istismarına yönəlib.

 

İdeyaların təqdim edilməsindən sonra adları yuxarıda qeyd olunmuş Elçin Əliyev və Rasim Əliyevdən başqa Fərid İsmayılzadə («GoldenPay»), Çinqiz Eyvazov («Vital») və Ağateyyub Cəfərovun («Seabak») də daxil olduğu münsiflər heyəti aparılmış müzakirələr nəticəsində qərarını elan edib.

 

«NEWO» layihəsi Azərbaycanda keçirilmiş ilk startap müsabiqəsinin qalibi seçilib. Müsabiqənin şərtlərinə görə, qalib üçün nəzərdə tutulan investisiya paketi layihənin spesifikası və təmayülündən asılı olaraq 10-100 min dollar təşkil edir. «NEWO» layihəsi ilə bağlı investisiyaların son həcmi dəqiqləşdirildikdən sonra maliyyələşdirmə layihə müəlliflərinin biznes-planına əsasən mərhələli şəkildə aparılacaq. Buna müvafiq olaraq, hazır olan və sınaqdan keçmiş məhsulun buraxılışı yarım ildən sonra nəzərdə tutulub.

 

Bununla belə, müsabiqə qalibinin müəyyən edilməsi ilə «Baku Startap Competition» heç də sona çatmır. «NEWO» layihəsinin müəllifləri onun taleyi, reallaşma mərhələləri, nailiyyət və çətinlikləri haqda http://infipro.az saytında da əksini tapacaq xüsusi bloqda söz açacaqlar. Həmçinin, qeyd etmək lazımdır ki, «Infipro Inc.» şirkətinin rəhbərliyi 2013-cü ildə yeni müsabiqənin elan olunacağını bəyan edir. Beləliklə, Azərbaycanda vençur bazarına olan dəstək güclənəcək, startap layihələrinin sayı isə artacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR