Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi vergi borclarının alınması şöbəsinin əməkdaşları Masallı rayonu, Seybətin küçəsi,1A ünvanında yerləşən «Fəxrəddin-K» MMC-yə məxsus kərpic zavodunun əmlakını siyahıya alıblar.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müəssisənin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, məlum olub ki, onun 6 873,33 manat vergi borcu yaranıb, noyabrın 15-də yaranmış vergi borcu ilə əlaqədar olaraq ona bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddət ərzində ödənilmədiyindən müəssisənin bank hesablarına sərəncam qoyulub.
«Noyabrın 27-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi kərpic zavodunda əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 7 100 manatlıq kərpic istehsal edən aqreqat və kərpic məmulatları müvafiq qaydada siyahıya alınıb», - deyə məlumatda bildirilir.
Həmin gün vergi xidməti əməkdaşları Masallı rayonu, C.Cabbarlı küçəsi,10/10 ünvanında yerləşən fiziki şəxs Natiq Soltanağa oğlu Həşimova məxsus mağazada da əmlakı siyahıya alıblar. Nazirlik bildirir ki, vergi ödəyicisinə 2012-ci il noyabrın 5-də vergi borcu haqqında bildiriş göndərildikdən sonra ona məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və mağazadakı 1 265 manat dəyərində olan müxtəlif növ spirtli içkilər müvafiq qaydada siyahıya alınıb.