Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda yoxlayıcı dövlət orqanlarında çalışan məmurlar qohumluq əlaqəsi olan sahibkarların müəssisələrində aparılan yoxlama işində iştirak edə bilməyəcək.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında” qanunda öz əksini tapıb.
Qanunun 7-ci maddəsində yoxlayıcı dövlət orqanlarında çalışan səlahiyyətli yoxlayıcı məmura iki halda yoxlama aparmaq qadağan olunur: yoxlayıcı məmur yoxlanılan hüquqi şəxsin təsisçisi olduğu halda; yoxlayıcı məmur yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda.
Yeni qanuna görə, burada yaxın qohum dedikdə valideynlər, babalar, nənələr, doğma və ögey qardaş və bacılar, övladlığa götürənlər, ər-arvad, uşaqlar və nəvələr nəzərdə tutulur.
Qeyd edək ki, qanun layihəsində bir sıra müzakirəyə ehtiyacı olan açıq qalmış məqamlar olmasına baxmayaraq ikinci oxunuşda Milli Məclisin növbəti plenar iclasına tövsiyə olunub.