Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 2012-ci il ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 39 125 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, onlardan 19 279-nun (49,3 %) nağd hesablaşmaların aparılması qaydalarını pozduğu, 4 013-nün (10,6%) tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul etdiyi və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla alıb-satdığı və ya dəyişdirdiyi, 3 536-nın (9,04 %) vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 5 803-nün (14,4%) xüsusi razılıq (lisenziya) almadan sahibkarlıqla məşğul olduğu müəyyən edilib.
Hesabat dövründə 4 133 vergi ödəyicisi tərəfindən 7 027 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 1 670 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 691 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 10 448 ədəd mal olduğu aşkarlanıb. «Aşkar olunmuş qanun pozuntuları ilə bağlı qanuna müvafiq tədbirlər görülüb», - deyə məlumatda bildirilir.