Bank Of Baku

Azərbaycanda ötən il səyyar vergi yoxlamalarının sayı azalıb

Azərbaycanda ötən il səyyar vergi yoxlamalarının sayı azalıb
# 14 yanvar 2013 10:56 (UTC +04:00)

 

 Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə Vergilər Nazirliyi tərəfindən ümumilikdə 11 150 vergi ödəyicisində, o cümlədən 7 075 hüquqi və 4 075 fiziki şəxsdə səyyar vergi yoxlaması başa çatdırılıb ki, bu da 2011-ci illə müqayisədə 15,9% azdır.

 

Əvvəlki ildə səyyar vergi yoxlaması faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin 6,2%-ni əhatə etmişdirsə, 2012-ci ildə bu göstərici 4,8% olub. Səyyar vergi yoxlamalarının 74,1%-i növbəti yoxlamalar, qalanı isə növbədənkənar səyyar vergi yoxlamaları kimi aparılıb və bu yoxlamaların əksəriyyətində vergi qanunvericiliyinin pozulması halları aşkar edilib. Hesabat dövründə başa çatdırılmış yoxlamalar üzrə büdcəyə ümumilikdə 612,9 mln. manat əlavə hesablanıb ki, bunun da 51,2%-ni əlavə hesablanmış vergi məbləği, 48,8%-ni isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası və faizlər təşkil edib.

 

Qeyd edək ki, 2011-ci illə müqayisədə 2012-ci ildə əlavə hesablanmış vergi məbləği 24,5%, maliyyə sanksiyası və faizlər üzrə məbləğlər isə 10,1% artıb. Ümumilikdə, 2011-ci illə müqayisədə 2012-ci ildə başa çatdırılmış səyyar vergi yoxlamalarının sayının azalmasına baxmayaraq, hesablanmış əlavə vəsaitin məbləği 17% artıb. Büdcəyə hesablanmış əlavə vəsaitin 56,5%-i növbəti yoxlamaların, 43,5%-i isə növbədənkənar yoxlamaların payına düşüb.

 

Nazirliyin məlumatlarından aydın olur ki, ötən il vergi yoxlamalarının sayı azalsa da, onların effektivliyi artıb. Hesabat dövründə səyyar vergi yoxlamaları üzrə 1 yoxlamaya düşən hesablanmış əlavə vəsaitin məbləği 2011-ci illə müqayisədə 39,2% artaraq orta hesabla 55 min manat təşkil edib. Yoxlamalar zamanı əlavə hesablanmış məbləğin 40,7%-i ödəmə mənbəyində tutulan verginin (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi istisna olmaqla), 27,9%-i əlavə dəyər vergisi, 9,5%-i mənfəət vergisi, 4,2%-i muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 17,7%-i isə digər vergilərin payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR