Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 17,6 mlrd. manat məbləğində və ya əvvəlki illə müqayisədə 9,6% çox istehlak malları satılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, satılmış ərzaq məhsullarının həcmi 2,1% artaraq 9 728,0 mln. manata, qeyri-ərzaq mallarının həcmi isə 20,7% artaraq 7 831,1 mln. manata bərabər olub.
Komitədən həmçinin bildirilib ki, 2011-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi azalaraq 55,4%, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,6% təşkil edib.
Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 87,8 manatlıq ərzaq, 70,7 manatlıq qeyri-ərzaq malları alıb.