Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış əmtəələrin həcmi 2012-ci ilin yanvar ayının səviyyəsini 9,1% üstələyərək 1,5 mlrd. manat olub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmtəələrin 12,8%-i hüquqi şəxslərin, 87,2%-i hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların pərakəndə ticarət subyektlərində satılıb. Ay ərzində bazar və yarmarkalarda əmtəə satışının həcmi 562,9 mln. manat olmaqla, ümumi satışın 38%-nə bərabər olub.
Pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 84,7%-i hüquqi və fiziki şəxslərə məxsus ticarət subyektlərinin, 15,3%-i yarmarka və bazarların fəaliyyəti sayəsində yaranıb.
«Hesabat ayında pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla 160,3 manatlıq və ya 2012-ci ilin eyni ayı ilə müqayisədə 11,1 manat çox əmtəə alıb. Pərakəndə ticarət dövriyyəsinin 99,7%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarlarının fəaliyyəti nəticəsində formalaşıb, bu bölmədə 1 477,9 mln. manatlıq və ya 2012-ci ilin yanvar ayı ilə müqayisədə 9,5% çox istehlak malları satılıb», - deyə Komitədən bildirilib.
Özəl sektor üzrə real artımın 85,2%-i hüquqi və fiziki şəxslərin ticarət müəssisələrində, 14,8%-i isə bazar və yarmarkalarda yaranıb.