Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir qədər əvvəl qəbul edilmiş yeni standartın tələblərinə uyğun olaraq şadlıq evlərində yoxlamalara başlayıb.
«APA-Economics»in məlumatına görə, Dövlət Komitəsi yanında Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib ki, hazırda şadlıq evlərində problemlər çoxdur: «İlk növbədə əsas diqqət keyfiyyətli məhsullarla xidmətin göstərilməsinə yetirilməlidir. Yeni standartda istər xidmət, istərsə buradakı ərzaq məhsulları ilə bağlı, istərsə də xidməti personal ilə bağlı xüsusi nəzarət tədbirləri görüləcək».
Şadlıq evlərinin rəhbərlərinə üz tutan Ə.İmanov onları standartın tələblərini qorumağa çağırıb: «Həm xidmətin, həm də təqdim olunan məhsulların keyfiyyəti standartlara uyğun olmalıdır. Yaxın günlərdə yoxlamaların nəticələri ictimaiyyətə açıqlanajaq».
Xidmət rəisi həmçinin bildirib ki, ölkədəki şadlıq evlərinin əksəriyyəti Bakı şəhərində yerləşir və paytaxtdakı bu gür obyektlərin sayı 165-ə çatır. Bölgələrdə isə belə obyektlər əksər hallarda məclis zamanı toy sahiblərinə icarəyə verilir.