Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 15,4 mlrd. manat məbləğində və ya keçən ilin müvafiq dövründə olduğundan 9,4% çox istehlak malları satılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 7,9% çox, yaxud 5,1 mlrd. manatlıq pullu xidmət göstərilib.
«Satılmış malların 8,6 mlrd. manatını və ya 55,7%-ni ərzaq məhsulları, 6,8 mlrd. manatını isə qeyri-ərzaq malları təşkil edib», - deyə Komitədən bildirilib.
Hesabat dövründə əmtəə dövriyyəsinin 12,8%-i hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 39,9%-i bazarlar və yarmarkalar, 47,3%-i isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilib.