Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda dünya üzrə tanınmış brendin saxta mallarını satan mağazanın sahibinə maliyyə sanksiyası tətbiq edilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, fiziki şəxs Səbinə Cəfərovaya məxsus mağazada aparılan yoxlama zamanı “Louis Vuitton Malletier” şirkətinə məxsus əmtəə nişanlarının təqlidi olan və mənşəyi məlum olmayan saxta çantaların satıldığı müəyyən edilib.
Qanun pozuntuları ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə fiziki şəxs Səbinə Cəfərovaya 2,4 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.