Bakı. Əli Əhmədov – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən yaradılmasından keçən 1 il ərzində beynəlxalq standartların tələbləri əsasında 13 məhsul və xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirən orqan akkreditasiya edilib. «APA-Economics»in məlumatına görə, bunu 9 iyun - Beynəlxalq Akkreditasiya Gününə həsr olunmuş seminarda Dövlət Akkreditasiya Xidmətinin rəisi Ramin Babayev bildirib.
Onun sözlərinə görə, son bir ildə ölkədə 10 idarəetmə sistemlərinin, 3 personalın sertifikatlaşdırılmasını həyata keçirən orqanın, 10 inspeksiya orqanı, o cümlədən 163 sınaq və 18 kalibrləmə laboratoriyaları akkreditasiya olunub. R.Babayev qeyd edib ki, bu sahədə əldə edilən uğurlardan biri Xidmətin Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (ILAC) müşahidəçi qismində üzv qəbul olunmasıdır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Rəhimə Quliyeva isə bildirib ki, bu müddət ərzində Komitə akkreditasiya sahəsində əməkdaşlıq üzrə İordaniya, Türkiyə, Türkmənistan, Tacikistan və digər ölkələrdə ikitərəfli sazişlər imzalayıb.