Bank Of Baku

Azərbaycanda tikinti şirkətləri vahid təşkilatda birləşəcək

Azərbaycanda tikinti şirkətləri vahid təşkilatda birləşəcək
# 24 yanvar 2013 11:27 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən tikinti və tikinti materiallarının istehsalçılarının bir təşkilatda birləşməsi məsələsi Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərkibində fəaliyyət göstərən Sənaye və tikinti komissiyasının görüşündə müzakirə edilib.

 

«APA-Economics»in məlumatına görə, görüşdə ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev bildirib ki, tikinti sektorunda çalışan sektorda sahibkarlar indiyədək təşkilatlana bilməyiblər, halbuki bu sahədə müsbət təcrübələr var. Belə ki, xarici ölkələrdə fəaliyyət göstərən assosiasiyalar sahibkarların problemlərinin həllində mühüm rol oynayırlar.

 

Görüşdə qeyd edilib ki, Azərbaycanda da assosiasiyaların üzərinə böyük məsuliyyət düşür və beynəlxalq aləmdə baş verən yeniliklərin öyrənilməsi məqsədilə savadlı mütəxəssislərin hazırlanması da mümkündür.

 

«Mətanət A» şirkətinin direktoru, ASK-nın sənaye və tikinti komissiyasının sədri Elxan Bəşirov isə sahibkarları konfederasiya ətrafında sıx birləşməyə dəvət edib. Bu gün ölkəmizdə inşaat bumu yaşandığını deyən Elxan Bəşirov bildirib ki, sənaye və tikinti sahəsinin Avropa standartlarına inteqrasiyası olduqca vacibdir. Son illər Azərbaycanda bu sahədə  fəaliyyət  göstərən xarici şirkətlərin  sayının artdığını deyən Elxan Bəşirov  qeyd edib ki, bəzən tenderlərdə əcnəbi şirkətlərin qalib gəlməsi yerli şirkətlərin köhnə metodlarla işləməsi səbəbindən baş verir. E.Bəşirov sahibkarların problemlərini dinləməyə hazır olduqlarını və veriləcək təkliflərin bütün detalları ilə nəzərə alınacağını  qeyd edib.

 

Görüşdə iştirak edən ölkədə tanınmış şirkətlərin rəhbərləri komissiyanın işinə uğurlar arzulayaraq, bu sahədə müəyyən norma və qaydaların tətbiq olunmasının vacibliyini önə çəkiblər və istehsalatda qarşılaşdıqları problemlərin həlli üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.

 

Görüşdə Sənaye və tikinti komissiyasının əsasnaməsi sahibkarlara təqdim olunub. ASK-nın şöbə müdiri Tapdıq Osmanov hələlik əsasnamənin ilkin layihəsini hazırladığını deyərək, gələcəkdə təqdim olunacaq mütəxəssis məsləhətlərini də nəzərə alacaqlarını sahibkarların diqqətinə çatdırıb. Sənaye və tikinti komissiyasının növbəti görüşü zamanı iş adamlarının təklifləri dəyərləndiriləcək və iş planı tərtib ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR