Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda vergi cinayəti törədərək mühakimə olunmuş şəxslər cəzalarını çəkdikdən sonra da vergi orqanlarının xüsusi nəzarətində olurlar. «APA-Economicsin məlumatına görə, bunu Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov bu gün KİV nümayəndələri üçün təşkil olunmuş «Açıq qapı» günündə bildirib.
Onun sözlərinə görə, təcrübə göstərir ki, vətəndaşların bilməyərəkdən vergi cinayətinə yol verməsi halları istisna olmaqla bəzi şəxslər vergidən yayınma ilə davamlı şəkildə məşğul olurlar. Qeyd edək ki, qanunvericiliyə görə də vergi cinayətini ilk dəfə törətmiş şəxs dövlətə vurduğu zərəri tamamilə ödədiyi halda məsuliyyətə cəlb olunmur.
Bununla yanaşı, V.Məmmədov bildirib ki, son illər Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərərək qanunsuz əməliyyatlar aparmaqla vergidən yayınmaqla məşğul olan şəbəkənin böyük hissəsi aşkarlanıb. Hazırda bu şəbəkənin bəzi üzvləri həbsdədir. Amma təcrübə göstərir ki, bəzi şəxslər hətta cəzalarını çəkdikdən sonra da vergi cinayətləri törətməkdə davam edirlər: «Onların kartotekası bizdə hazırdır. Biz bilirik ki, bunlar potensial vergi cinayəti törədən şəxslərdir və bunlar yeni müəssisəni də o niyyətlə açırlar ki, vergidən yayınacaqlar. Həmin şəxslərin sahibkarlıqla məşğul olmasına qadağa qoymaq olmaz, bu onların hüququdur, amma belə halların qarşısını almaq üçün onlar Departament tərəfindən xüsusi vergi nəzarətinə götürülür».
Departament rəisinin sözlərinə görə, belə şəxslərin və onların yaratdığı şirkətlərin iqtisadi fəaliyyəti ciddi nəzarətdə olur. Bundan başqa, belə şəxslərin yaratdığı şirkətlər dövlət orqanlarının tenderlərində iştirak edəndə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti bu barədə həmin təşkilatlara xəbərdarlıq edir və həmin şirkətlərin təkliflərinin və onlara aid məlumatların daha ciddi araşdırılmasını tövsiyə edir: «Çünki məlumatlar var ki, bəzi şirkətlər belə tenderlərdə qəsdən real olmayan aşağı məbləğlər deməklə tenderi udur və sonra bu sifarişi başqa şirkətlərə satırlar».