Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda müasir texnologiyaların tətbiqi Vergilər Nazirliyinin Vergi auditi Departamenti tərəfindən vergi ödəyicilərinə bəzi xidmətlərin yerindəcə göstərilməsinə imkan yaradıb. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Departamentin rəisi Habil Məmmədov bildirib.
Onun sözlərinə görə, Bakı şəhərinin ayrı-ayrı ərazilərinə nəzarət edən Departament əməkdaşları «I-pad» tipli kompüterlərlə təmin olunublar. Nəticədə, əməkdaşlar bu aparatlar vasitəsilə vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin onlayn qeydiyyata alınmasını həyata keçirə bilir: «Əməkdaşlarımız qeydiyyatdan keçməmiş və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs aşkar etdikdə, həmin şəxsin cəriməsini yazmaqla yanaşı, vergi orqanlarına getmədən həmin şəxsi «I-pad» vasitəsilə vergi ödəyicisi kimi qeydiyyatdan keçirib ona VÖİN verə bilir».
Vergi əməkdaşları bu üsulla ödəyicilər üçün bank hesabının açılması, nəzarət kassa aparatlarının qeydiyyata götürülməsi kimi elektron xidmətləri də yerində göstərə bilirlər.
«I-pad»ların tətbiqi Departament rəhbərliyinə öz əməkdaşlarına nəzarət etməyə də imkan verir. Yeni texnologiyaların tətbiqi nəticəsində Departament rəhbərliyi istənilən anda əməkdaşın hansı ərazidə və ünvanda olduğunu izləyə bilər.