Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Fransa şirkətlərindən ibarət nümayəndə heyəti üçün Azərbaycana dair ölkə təqdimatı keçirilib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, mühəndislik, audit və sertifikatlaşdırma, təhlükəsizlik sistemləri, səhiyyə və turizm sahələrini təmsil edən fransız şirkətləri üçün təşkil olunmuş tədbirdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycan və Fransa arasındakı mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə, səfirliyin iqtisadiyyat məsələləri üzrə nümayəndəsi Herve Sarnelli Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatlarla çıxış ediblər.
Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı iqtisadi uğurlar, iri layihələr barədə məlumat verib. O, ölkəmizdə yerli və xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayaraq fransız iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Fransız iş adamları Azpromo-nun dəstəyi ilə noyabrın 25-26-da Azərbaycan iş adamları ilə əməkdaşlıq qurmaq və mövcud əlaqələri genişləndirmək üçün ikitərəfli görüşlər də keçirəcəklər.