Bakı. Nicat Mustafayev - APA-Economics. Son 10 il ərzində Azərbaycanın ixrac potensialı əhəmiyyətli şəkildə güclənib. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən «İxracatçılar üçün təlimat kitabı»nın təqdimat mərasimində çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rüfət Məmmədov bildirib.
Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı xeyli artıb və hazırda bu siyahı daha da genişlənir: «Ölkədə yeni texnoloji infrastrukturun qurulması, standartlara uyğun məhsulların istehsalı, xarici bazarlara ölkə məhsullarının ixracının həcmi artıb. Son 10 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 8,8 dəfə, o cümlədən ixrac 11 dəfə, qeyri-neft ixracı isə 6,5 dəfə artıb. İxracın coğrafiyasına baxsaq, 10 il bundan əvvəl Azərbaycan 80 ölkə ilə ticarət əməliyyatları aparırdısa, hazırda bu rəqəm 155-ə çatıb. Bu, bizim ixrac potensialımızın artmasının nəticəsidir. Artıq bu gün Azərbaycan məhsulları ənənəvi olan bazarlarla yanaşı ABŞ, Avstraliya, Yeni Zelandiya və bir çox Şərqi Asiya ölkələrinə göndərilir».
R.Məmmədov həmçinin bildirib ki, ixrac potensialının artmasında maarifləndirmə daim vacib rol oynayıb. Azpromo-nun 10 illik fəaliyyəti dövründə bu istiqamətdə müxtəlif tədbirlər, o cümlədən biznes forumlar, sahibkarlar üçün seminar, treninq və təqdimatlar keçirilib: «Əgər 2000-ci illərin əvvəlində bizim sahibkarlar lazımi məlumatların əldə olunmasında çətinlik çəkirdilərsə, bu gün görürük ki, Azərbaycan sahibkarları müxtəlif üsullar vasitəsi ilə məlumatlar əldə edirlər. İxracda bu məlumatlara malik olmaq çox önəmlidir. Bu prosesdə Azpromo mütəmadi olaraq dəstək göstərir. Bu illər ərzində müxtəlif tədbirlər və sərgilərlə yanaşı çoxsaylı maarifləndirmə tədbirləri həyata keçirilib. Ölkənin ixrac potensialı, investisiya qoyuluşu üzrə məsləhətlərin verilməsi, təlimlərin keçirilməsi, eyni zamanda xarici bazarlar haqqında araşdırmalar aparıb Azərbaycan sahibkarlarına məlumat veririk».
Azpromo rəhbəri əlavə edib ki, hər il olduğu kimi, bu il də ixracatçılar üçün təlimlər keçirilib. Bu ilin sonuna kimi ixracatçılar üçün daha 2-3 təlimin keçirilməsi planlaşdırılır. Bu təlimlərə müxtəlif ölkələrin ekspertləri dəvət olunur ki, öz bilik və bacarıqlarını təlim iştirakçılarına çatdırsınlar.