Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Almaniyanın Azərbaycandakı səfirliyi və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin iştirakı ilə «İxracatçılar üçün Təlimat Kitabı»nın təqdimatı keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə 50-yə yaxın şirkətin nümayəndəsi iştirak edib. Tədbirdə çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov qeyd edib ki, Azərbaycan ixracatçılarının potensial xarici bazarlara çıxışı üçün ixrac zamanı tətbiq olunan proseduralara, ixrac məhsullarına dair standartlara, beynəlxalq ticarətdə müqavilə hüququna, logistika və digər məsələlər üzrə maarifləndirmə işlərinin aparılması əhəmiyyətlidir. Bu məqsədlə Azpromo GIZ-lə birgə yerli ixracatçıların maarifləndirilməsi və yeni potensial ixrac bazarlarına dair bir sıra treninq və seminarlar təşkil edir. «İxracatçılar üçün Təlimat Kitabı»nın nəşrinin belə maarifləndirmə tədbirlərinin davamı olduğunu diqqətə çatdıran R.Məmmədov təlimat kitabının yerli ixracatçılar üçün ixrac tələblərinə və proseduralarına dair əvəzsiz bələdçi olduğunu qeyd edib: «Azpromo bundan sonra da yerli ixracatçılar üçün maarifləndirmə tədbirlərini davam etdirəcək».
Tədbirdə çıxış edən GIZ-in ölkə üzrə direktoru Henninq Tvesten və digərləri çıxışlarında yerli ixracatçılara göstərilən dəstək tədbirlərini, o cümlədən “İxracatçılar üçün Təlimat Kitabı»nın nəşrini müsbət qiymətləndirib və belə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Tədbir çərçivəsində sözügedən kitab tədbirdə iştirak edən ixracatçı şirkətlərə paylanıb.
Qeyd edək ki, «İxracatçılar üçün Təlimat Kitabı» 2012-ci ildə Azpromo və GIZ arasında yerli ixracatçılar üçün ixracyönümlü tədbirlərin keçirilməsinə dair imzalanmış Anlaşma Memorandumu çərçivəsində çap olunub. Doqquz istiqamətdən ibarət olan və yerli şirkətlərin ixrac sahəsində maarifləndirilməsi məqsədilə hazırlanmış kitab ixracata yeni başlayan və ya gələcəkdə öz məhsullarını xarici bazarlara çıxarmaqda maraqlı olan şirkətlər üçün nəzərdə tutulub. Təlimat kitabı beynəlxalq marketinq, xarici bazarlara giriş, qablaşdırma və sertifikatlaşdırma, gömrük proseduraları, nəqliyyat, logistika və s. zəruri mövzuları əhatə edir. «İxracatçılar üçün Təlimat Kitabı» Azpromo tərəfindən bu il Azərbaycanda təşkil ediləcək tədbirlərdə iş adamlarına təqdim olunacaq.