Bank Of Baku

Bakıda «Vergi partnyorluğu» mövzusunda konfrans keçirilir - FOTO

Bakıda «Vergi partnyorluğu» mövzusunda  konfrans keçirilir - <span style="color: red;">FOTO
# 12 iyun 2013 07:26 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Amerika Ticarət Palatası  (AmCham) və Azərbaycan Vergilər Nazirliyinin birgə təşkil etdiyi «Vergi partnyorluğu» mövzusunda  konfrans keçirilir.

 

«APA-Economics»in məlumatına görə, konfransı giriş sözü ilə açan AmCham-ın icraçı direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu tədbir iştirakçılarını salamlayaraq AmCham ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu, bu istiqamətdə göstərilən dəstəyə görə qurum adından Vergilər Nazirliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, bugünkü tədbirin əsas məqsədi vergi ödəyiciləri ilə vergi orqanı arasında partnyorluğun yeni mərhələyə qaldırılması və cəmiyyətdə mövcud olduğundan daha yüksək vergi mədəniyyətinə olan ehtiyacı müzakirə etməkdir. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən AmCham, ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin formalaşmasında maraqlıdır. Bu məqsədlə qurum artıq üçüncü ildir ki, vergi partnyorluğu mövzusunda tədbirlər keçirir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr təşkil edir, konkret təkliflər irəli sürür.


Sonra N.Nəsrullayeva-Müdüroğlu qurumun hazırladığı və «Ağ sənəd» kimi tanınan «Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr» adlı hər il dərc olunan sənədin növbəti sayı barədə məlumat verərək qeyd edib ki, «Ağ sənəd» AmCham-a üzv olan 240-dan çox şirkətin vergitutma, sığorta, maliyyə, bank işi və iqtisadiyyatın digər sahələrini əhatə edən fəaliyyətini əks etdirir.

 
Vergilər nazirinin I müavini Natiq Əmirov  toplantıda çıxış edərək, Azərbaycanın vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan nailiyyətlər haqqında məlumat verib, AmCham və digər ictimai təşkilatlar ilə mütəmadi olaraq keçirilən işgüzar görüşlərin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Azərbaycanda həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yardım edir. Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir. N.Əmirov  bildirib ki, vergi mühitinin liberallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanun layihələri hazırlanarkən Vergilər Nazirliyi ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.


Sonra konfrans öz işini sessiyalarda davam etdirib, vergi orqanı və özəl sektoru təmsil edən mütəxəssislər vergitutma, vergi qanunvericiliyindəki dəyişikliklər və vergi güzəştləri, vergi mədəniyyəti, vergi ödəyicilərinə xidmət vasitələri, mühasibatlıq təcrübələri və onun vergi inzibatçılığına təsiri, Vergilər Nazirliyinin elektron xidmətləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılır.


Tədbirdə Azərbaycan Milli Məclisi, Prezident Administrasiyası, Nazirlər Kabineti, ABŞ-ın Azərbaycandakı səfirliyi və AmCham-ın nümayəndələri, Vergilər Nazirliyinin vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR