Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Bakıda ticarət və investisiyalar üzrə Azərbaycan-Alman Yüksək Səviyyəli İşçi Qrupunun II iclası keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Almaniya tərəfindən işçi qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri, işçi qrupunun həmsədri Samir Vəliyev Azərbaycan-Almaniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını, iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, aparılan danışıqların, imzalanmış sənədlərin, eləcə də biznes forum və işgüzar görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb və qeyd edib ki, 1997-ci ildən etibarən mütəmadi olaraq aparılan Azərbaycan və Almaniya arasında maliyyə və texniki əməkdaşlığa dair hökumətlərarası danışıqlar, 2011-ci ildə ticarət və investisiyalar üzrə yüksək səviyyəli işçi qrupunun yaradılması, maliyyə və texniki əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin reallaşdırılması, «Azərbaycanda biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı» çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya ixtisasartırma kurslarına göndərilməsi iki ölkə arasında səmərəli əməkdaşlığın göstəriciləridir: «Yeni yaradılmış Alman-Azərbaycan Xarici Ticarət Palatası MDB məkanında 2-ci belə Palatadır və bu qurum iki ölkə arasında iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli olacaq. Bu gün Azərbaycanda tikinti, bank, sığorta, nəqliyyat, sənaye, rabitə və ticarət sahəsində 100-dən çox alman şirkəti fəaliyyət göstərir».
S.Vəliyev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verib, ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, ÜDM-də özəl sektorun xüsusi çəkisinin 80%-i ötdüyünü, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkənin investisiya ixracatçısına çevrildiyini vurğulayıb.
Öz növbəsində Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru, işçi qrupunun həmsədri Karl-Ernst Brauner bu iclasda müzakirə edilən məsələlərin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətini qeyd edib.
İclas çərçivəsində Azərbaycan-Alman Yüksək Səviyyəli İşçi Qrupunun I iclasından ötən dövr ərzində görülmüş işlər, Alman-Azərbaycan Xarici Ticarət Palatasının təsis olunmasının əhəmiyyəti, iki ölkə arasında ticarət və investisiya imkanlarının artırılması məsələləri müzakirə edilib və qeyd olunub ki, 2010-cu illə müqayisədə ötən il Almaniya ilə ticarət dövriyyəsi 2,2 dəfə artıb, bu artım dinamikası bu ilin yanvar-sentyabr aylarında da davam edib. Müzakirələr zamanı Almaniya tərəfi Azərbaycan şirkətlərini investisiya qoyuluşuna dəvət edib.
İclasda həmçinin, İKT, kənd təsərrüfatı, turizm, səhiyyə, enerji, ətraf mühitin mühafizəsi, biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb. Yüksək texnologiyaların tətbiqi, kənd turizminin inkişafı, abidələrin bərpası, azərbaycanlı tibb işçilərinin Almaniyada ixtisasartırma kurslarında iştirakı, tvinninq layihələrinin həyata keçirilməsi və s. sahələrdə əməkdaşlığın Azərbaycan və Almaniya arasında əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb.
Tədbirdə Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, sənaye parklarında peşə təhsilinin təşkili və bu sahədə Almaniya ilə əməkdaşlıq məsələləri müzakirə edilib.