«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanla Avropanın qabaqcıl ölkələri arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu baxımdan Belçika və Niderland ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb, hər iki ölkə ilə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bu əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Nazir müavini biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib, Belçika və Niderland iş adamlarının Azərbaycana səfəri çərçivəsində keçirilən üçtərəfli biznes forumun ölkələr arasında iqtisadi əlaqələrin inkişafına müsbət töhfəsini verəcəyini bildirib: «Hazırda Azərbaycanda Niderlandın 84, Belçikanın isə 16 şirkəti fəaliyyət göstərir. Tərəflər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur və ümid edirəm ki, bu potensial səmərəli istifadə olunacaq».
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən N.Səfərov ölkənin siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu xüsusi vurğulayıb.
Öz növbəsində Belçikanın Lommel şəhərinin meri Peter Vanvelthoven Lommel şəhərində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib.
Niderlandın Bergeijk şəhərinin meri Driek van der Vondervort rəhbərlik etdiyi şəhərin əsas iqtisadi sahələri barədə məlumat verib, azərbaycanlı sahibkarları Bergeijkin iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.
Belçikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Piter Bums (Peter Booms) Azərbaycanla Belçika arasında inkişaf edən əlaqələr və əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri barədə məlumat verib.
Niderlandın Azərbaycandakı səfirinin müavini xanım Özlem Canel Niderlandın Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib.
Tədbirdə Azpomo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Qeyd edək ki, tədbirdə sənaye, mühəndislik, külək, biokütlə və bioqazdan enerji istehsalı, günəş panelləri üçün şüşə, suyun təmizlənməsi, quşçuluq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.