Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Latviya biznes forumu işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirdə maliyyə, inşaat və inşaat materialları, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, nəqliyyat, turizm, sənaye, əczaçılıq, metallurgiya, liman və logistika, ticarət, plastik və şüşə qablaşdırma və digər sektorları təmsil edən Latviyadan 70 şirkətin nümayəndələri iştirak edirlər. Azərbaycan tərəfindən isə foruma 150 şirkətin təmsilçiləri qatılıb.
Tədbirdə iştirak edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu əlaqələr qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır: «Belə ki, 2006-cı və 2011-ci illərdə Azərbaycan dövlət başçısının Latviyaya, 2009-cu ildə isə Latviya dövlət başçısının Azərbaycana səfərləri, həmçinin digər yüksək səviyyəli səfərlər iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayıb. İqtisadi əlaqələrin inkişafında hökumətlərarası komissiyasının fəaliyyəti mühüm rol oynayır və hazırkı dövrə qədər komissiyanın 4 iclası keçirilib və imzalanmış protokollara əsasən müxtəlif sahələr üzrə uğurlu əməkdaşlıq edir. İki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, 30-a yaxın sənəd, həmçinin iqtisadi sahədə investisiyaların təşviqi və qarşılıqlı qorunması, gömrük məsələləri üzrə qarşılıqlı yardım, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması kimi mühüm sazişlər imzalanıb».
Nazir qeyd edib ki, tərəflər arasında ticarət dövriyyəsi 2010-cu il ilə müqayisədə 2011-ci ildə 2,5 dəfə artsa da, son 9 ayın göstəricilərində azalma müşahidə olunur: «Bu baxımdan ticarət əlaqələrimizin genişlənməsi üçün bütün mövcud imkanlardan istifadə etməliyik. Hazırda Azərbaycanda Latviya investisiyalı 17 şirkət fəaliyyət göstərir».
Tədbirdə çıxış edən Latviyanın baş naziri Valdis Dombrovskis iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirib və qeyd edib ki, Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial və bütut lazımi imkanlar mövcuddur. Baş nazir ölkə iqtisadiyyatının inkişafına toxunaraq qeyd edib ki, 2012-ci ildə Latviyada ÜDM-in artım tempinin 5% təşkil edəcəyi gözlənilir. V.Dombrovski onu da bildirib ki, artıq 2014-cü il yanvarın 1-dən etibarən Latviya avrozonaya daxil olacaq. Onun sözlərinə görə, Latviya Azərbaycanla logistika, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır.
Forumda çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanları haqqında, Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin direktoru Andris Ozols Latviyanın nümayəndə heyətinin təqdimatı ilə, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf şirkətin fəaliyyəti barədə, Latviyanın nəqliyyat nazirinin müşaviri Kaspar Brişken Latviyanın nəqliyyat və logistika sektorları barədə, Latviyanın «Rix Technologies» şirkəti İdarə Heyətinin üzvü xanım Yeva Butanen İKT sektorunda əməkdaşlıq imkanları barədə təqdimatla çıxış ediblər.