Bank Of Baku

Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib - FOTO

Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib - <span style="color: red;">FOTO
# 05 dekabr 2012 12:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə rəsmi şəxslərlə yanaşı qida sənayesi, kənd təsərrüfatı, maliyyə, tikinti, nəqliyyat, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.


Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, hazırda Azərbaycan və Macarıstan arasında əməkdaşlığa dair möhkəm qanunvericilik bazası olduğunu bildirib: «Bu günədək iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı da daxil olmaqla, müxtəlif sahələr üzrə 30-a yaxın sənəd imzalanıb».


Nazir onu da bildirib ki, ötən il Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 2,6 dəfə artıb. Ş.Mustafayevin sözlərinə görə, hazırda Azərbaycanda Macarıstan kapitallı 4 şirkət fəaliyyət göstərir: «Bu il Macarıstanın tikinti, yük maşınlarının istehsalı, məişət tullantılarının idarə olunması, turizm, aviadaşımalar və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycanda olub, azərbaycanlı həmkarları ilə aparılan müzakirələrin nəticəsi olaraq iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq barədə ilkin razılaşmalar əldə olunub».


Azərbaycanın Macarıstanla iqtisadi əlaqələrə böyük diqqət yetirdiyini xatırladan Ş.Mustafayev bu gün Bakıda keçirilən işgüzar görüşdə iştirak edən macarıstanlı iş adamlarını ölkədə yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi üçün hər cür dəstək göstəriləcəyini bildirib.


Nazir onu da əlavə edib ki, iki ölkə arasında qarşılıqlı investisiya, tikinti, kənd təsərrüfatı, turizm, əczaçılıq və s. sahələrdə əməkdaşlığın böyük potensialı var: «Bu gün Bakıda açılan Macarıstan Ticarət Evi iki ölkə arasında əlaqələrin inkişafını bir qədər də sürətləndirib genişləndirəcək».


Öz növbəsində Macarıstanın xarici işlər və xarici əlaqələr üzrə dövlət katibi Peter Siyarto Macarıstanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulayıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.


Macarıstan hökumətinin ölkədə yeni iş yerlərinin yaradılmasına böyük diqqət yetirdiyini bildirən P.Siyarto, xarici investorların cəlb olunmasında və Macarıstan əhalisinin işlə təmin olunmasında maraqlı olduğunu qeyd edib.


Ölkə iqtisadiyyatının inkişafından söz açan dövlət katibi Macarıstanın Avropa İttifaqında dövlət borcunun azalda bilən 5 ölkə sırasında olduğunu söyləyib və qeyd edib ki, Macarıstan hökuməti iqtisadiyyatın bir çox sahələrində uğurlu islahatlar həyata keçirib.


P.Siyartonun sözlərinə görə, iki ölkə arasında tikinti, kənd təsərrüfatı, əczaçılıq, su təsərrüfatı (suyun təmizlənməsi və kanalizasiya sisteminin çəkilməsi), avtobus və onun ehtiyat hissələrinin istehsalı, neft-qaz və digər sahələrdə əlaqələrin qurulmasında böyük potensial mövcuddur: «Hazırda Macarıstanda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 3 minə yaxın kiçik və orta sahibkarlıqla məşğul olan müəssisə mövcuddur ki, onlar Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır».


P.Siyarto Macarıstan Ticarət Evinin Bakıda açılmasını yüksək qiymətləndirib və qeyd edib ki, bu, Macarıstanın xaricdə açdığı ilk ticarət evidir: «Ümid edirəm ki, sözügedən ticarət evinin iki ölkə arasında əlaqələrin bir qədər də inkişaf etdirməsində rolu böyük olacaq».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR