Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Macarıstanın kənd təsərrüfatının inkişafı üzrə dövlət katibi Gyula Budainin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanla Macarıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, bu əlaqələrin hörmət və dostluq, qardaşlıqlı maraq prinsiplərinə əsaslandığını, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycanda mövcud siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, əlverişli investisiya və biznes mühiti, iş adamları arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Ölkənin iqtisadi inkişafından danışan N.Səfərov onu da bildirib ki, son 10 il ərzində Azərbaycanda ÜDM-in həcmi 3, 4 dəfə, adambaşına düşən ÜDM-in həcmi 3 dəfə, sənaye 2,8 dəfə artıb, hazırda ölkənin strateji valyuta ehtiyatları 46 mlrd. ABŞ dolları təşkil edir və bu, xarici dövlət borcunu 10 dəfə üstələyir: «2003-cü ildən etibarən Azərbaycanda 1 mln-dan artıq iş yeri yaradılıb. Ölkə iqtisadiyyatına indiyədək 140 mlrd. dollar məbləğində sərmayə yatırılıb ki, onun da yarısından çoxu xarici investisiyaların payına düşür».
Öz növbəsində G.Budaini çıxışında Macarıstanda sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, işgüzar görüşün bu istiqamətdə əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycanın investisiya imkanları barədə təqdimat keçirilib və sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunub.
Forum zamanı həmçinin Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının tərkibində yaradılmış aqrar məsələlər üzrə alt komitənin iclasının protokolu imzalanıb.
Qeyd edək ki, Macarıstanın nümayəndə heyətinə 10 şirkəti təmsil edən nümayəndələr daxildir.
Azərbaycan-Macarıstan işgüzar görüşündə Macarıstan tərəfindən heyvandarlıq, quşçuluq, taxılçılıq, kənd təsərrüfatı avadanlığının istehsalı, kartof toxumu və viruslara davamlı kartofun istehsalı, yem istehsalı, süd istehsalı, biotexnoloji araşdırmalar, ətraf mühitin bərpası, informasiya-texnoloji sistemlər və digər sahələri təmsil edən şirkətlər iştirak edir.