Bakı – APA-Economics. Mayın 30-da Qazaxıstanın Atırau şəhərinin akimi Serik Aydarbekovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, qida, kənd təsərrüfatı, səhiyyə, gəmiçilik, enerji, yüngül sənaye və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib. Qonaqları salamlayan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb, bununla belə hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9 iclası keçirilib. Hazırda Azərbaycanda 40-a yaxın Qazaxıstan kapitallı şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Qazaxıstanda uğurla fəaliyyət göstərir. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini qeyd edən nazir müavini biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü biznes forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib.
Atırau şəhərinin akimi S.Aydarbekov ölkəsində, o cümlədən Atırauda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatına Qazaxıstanda marağın böyük olduğunu vurğulayıb. Qonaq bildirib ki, Qazaxıstan regionları ilə Azərbaycan regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var. Atıraunun akimi Azərbaycan sahibkarlarını Atırau şəhərində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa dəvət edib.
Tədbirdə Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib. Forumda həmçinin «Atırau şəhərinin investisiya prioritetləri və iqtisadi potensialı» mövzusunda təqdimat keçirilib. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.