Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumçiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazir Ş.Mustafayev Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini və əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes forumların, işgüzar görüşlərin Azərbaycan-Bosniya və Herseqovina iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində rolunu qeyd edən Ş.Mustafayev iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Öz növbəsində Z.Laqumçiya Bosniya və Herseqovinanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb, Bosniya və Herseqovinada infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan tərəfinin iştirakı məsələsi müzakirə olunub.