Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün SGS şirkətinin təşkilatçılığı ilə Bakıda Azərbaycanın aparıcı şirkətlərinin rəhbər heyəti üçün “Rəhbər liderliyi metodologiyasının praktiki realizə edilməsi” mövzusunda seminar keçirilib.
“APA-Economics”in xəbərinə görə, tədbirdə Azərbaycanın 60 iri şirkətlərinin rəhbərləri iştirak edib.
Seminarda çıxış edən məruzəçilər tədbir iştirakçılarına keyfiyyətin idarə olunması sisteminin tətbiqi və fəaliyyəti, həmçinin sözügedən sistemin daim yaxşılaşdırılmasında rəhbərliyin rolunun əhəmiyyətindən danışıb.
“Seminarın bu mövzusu Azərbaycanda sözügedən sahədə müəyyən problemin olması ilə əlaqədardır. Biz Azərbaycan şirkətlərinə mövcud boşluqları doldurmaq üçün yardım etmək niyyətindəyik. Seminar çərçivəsində iştirakçılar şirkət rəhbərliyi üçün metodologiya üzrə nəzəri biliklərlə tanış olacaqlar ”,- deyə seminarda çıxış edən SGS şirkətinin Xəzər regionu üzrə meneceri Alişer Mahmudov vurğulayıb.
Tədbirdə ARDNŞ, “Akkord”, “Coca-Cola”, Azərbaycan Beynəlxalq Sığorta Şirkəti, “Silk Way”, AFB Bank, “Baltika-Baku”, “Azərkimya”, “Azinko” və digər şirkətlərin rəhbər heyəti iştirak edib. Seminarın əsas məqsədi Azərbaycan şirkətlərində keyfiyyətli idarəetmənin tətbiqidir. Analoji seminarlar Tailand, Qazaxıstan, Özbəkistan və Ukraynada keçirilib.
Qeyd edək ki, SGS şirkəti ekspertiza, nəzarət, yoxlama və sertifikasiya sahələrində dünya lideridir. Şirkətin adı keyfiyyət və etibarlılıq etalonuna çevrilib. SGS-in dünya üzrə 1 500-dən artıq ofis və laboratoriyası mövcuddur ki, orada 75 mindən çox işçi çalışır.